5 uğurlu kitab
© www.pexels.com

Müasir Azərbaycan yazıçılarından 5 uğurlu kitab

Yeni kitablar axtarışındasansa, bu yazımızda səni dövrümüzün yerli yazıçılarından bəzilərinin ən yaxşı işləri ilə tanış edəcəyik.
Elçin Hüseynov tərəfindən yazılıb
4 min readPublished on
Yaradıcılıq dünyasında daim təzə perspektivlər, valehedici hekayələr və düşündürücü ideyalar gətirən yeni üzlər meydana çıxır. Lakin çox vaxt mağazaların ön rəflərində bizi qarşılayan bestsellerləri oxumağa başımız qarışdığı üçün, istedadlı yeni yazarları araşdırmağı unuduruq. Bu siyahıda bizimlə eyni mədəniyyəti bölüşən və əsərlərində birbaşa bizə xitab edən yerli yazıçılarımız da var ki, ədəbiyyatımızın inkişafı üçün onların istedadlarını dəyərləndirmək və dəstəkləmək lazım olduğunu düşünürük. Buna görə də onlardan bəzilərini tanımağında kömək etmək üçün bu bloq yazımızda əsərləri ilə diqqətə və tərifə layiq olan bəzi yerli yazıçılarımız və onların uğurlu əsərlərindən danışacağıq.

Aqşin Yenisey - Məbədin Sükutu

Aqşin Yenisey

Məbədin Sükutu

© alinino.az

Müasir ədəbiyyatımızın ən tanınmış şair-yazıçılarından olan və bir çoxumuzun onu gözəl şeirləri ilə tanıdığımız Aqşin Yenisey ilk kitabı olan "Unutmaq sözünün şəkli"ni 2000-ci ildə nəşr etdirmişdir. Yazıçı sırası ilə "Unutmaq sözünün şəkli", "Sizin eradan əvvəl", "Cənnətdə terror aksiyası", "147 dənə sən" “Məbədin Sükutu”, “Tarix və Tale” adlı 6 kitabın, "Göləqarğısancan" romanının və yüzdən artıq məqalənin müəllifidir. Həmçinin Aqşinin qələmə aldıqları sonradan türk, gürcü, fransız dillərinə də tərcümə edilib. Yazıçının bütün əsərlərində oxumağa dəyər mövzulara toxunulsa da, bu gün biz ən son yazdıqlarından olan “Məbədin Sükutu” əsərini seçdik. Bu kitabda yazarın son illərdə yazdığı və heç bir kitabında çap olunmamış hekayələri, satirik, publisistik yazıları və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunmuş məqalələri toplanmışdır.

Coşqun Kərimov - Kvan

Coşqun Kərimov

Kvan

© teaspress.az

Coşqun həm yazıçı, həm də müəlliflik və natiqliq üzrə kouç kimi uğurlu nailiyyətlərə imza atmış gənc istedadlardan biridir. İndiyədək 6 əsəri ilə tanış olduğumuz yazıçı, kitablarında əsasən motivasiya və özünüinkişaf mövzularına yer ayırıb və bu sahədə geniş araşdırma və təcrübələrini əsərlərində oxucuları ilə bölüşür. Coşqun Kərimovun “Ubuntu”, “Alamo 13”, “Kvan”, “Onqaku”, “Lamartin”, “Filankəsov” adlı kitabları arasından oxucuların ən çox rəğbətini qazanan isə “Kvan” kitabıdır ki, burada daxili motivasiya üçün 7 mühüm sualı müəlliflə birgə cavablandırırsan.
Həyatımız boyu bizə iki damğa vurulur. Biri uşaqlıqda ailə, məktəb və çevrə tərəfindən, digərini isə özümüz vururuq. İkinci damğa bizim qərar nəticəsində vurulur və o bizə KVANı bəxş edir.
Coşqun Kərimov - Kvan

Cavid Ramazanov - Amanabənd

Cavid Ramazanov

Amanabənd

© alinino.az

2008-ci ildən mətbuat orqanlarında işləyən Cavid Ramazanov bu ərəfələrdə bir neçə məşhur kitabın adaptasiya olunmasına köməklik göstərib və çoxlu məqalələrə imza atsa da, onun ilk kitabı 2017-ci ildə nəşr etdiyi “Yol” adlı hekayələr toplusu olmuşdur. Daha sonra isə “Amanabənd” adlı əsəri ilə Bakının mərkəzində yerləşən məşhur ərazilərdən olan “Sovetski”nin sökülməsi və orada yaşayan insanların amanabənd olan həyatını qələmə alıb.
Bu, münasibətlərdəki, insan və məkan arasındakı, indi və keçmiş arasındakı kövrək bağların hekayəsidir. Qəhrəmanlar bizim tanıdığımız, gündəlik həyatda rast gəldiyimiz insanlardır. Bəlkə də onlar elə bizik.
Cavid Ramazanov - “Amanabənd” əsəri haqqında

Qaraqan - Art və Xaos

Qaraqan

Art və Xaos

© www.teaspress.az

Karyerasına musiqi ilə başlayan və özünə “Qaraqan” təxəllüsünü götürən Elxan Zeynallı musiqi karyerası sayəsində gənc yaşlarında artıq on minlərlə dinləyici kütləsinə xitab edirdi. O, ilk kitabı olan “A” romanını isə 2007-ci ildə qələmə alıb və elə həmin ildə də AYB-nin ən gənc üzvü seçilib və "A" romanı Azərbaycanda bestsellərə çevrilib. Qaraqanın bu gün haqqında danışacağımız əsəri isə də yerli bestseller siyahısında olan “Art və Xaos” romanıdır. Bu çox da tanınmayan bir ölkədə məşhur rok ifaçısı olan Eydenin Amerikaya köçərək, burada uzun müddətdir axtardığı azadlığı tapmasını hekayələşdirib.

Ceyhun Hidayətli - Əqrəb

Ceyhun Hidayətli

Əqrəb

© alinino.az

Uğurlu hekayələri və onların yaradıcılarını sıralamışkən, son dövrlərə damğa vuran “Əqrəb” romanını geridə qoya bilməzdik. Roman detektiv janrını sevənlər üçün qısa müddətdə uğurlu təəssürat yaradaraq, ölkə üzrə bestseller siyahısına düşüb. Üstəlik, Ceyhun Hidayətlinin bu romanı bizə elə bu il yayımlanmış “Əqrəb Mövsümü” serialından da tanışdır. Belə ki, Emil Quliyevin rejissorluğu ilə ölkə trendlərində uzun müddət müzakirə olunan və sevilən bu serial, “Əqrəb” romanının əsasında çəkilib. Odur ki, hər iki formatda uğurlu olmuş bu hekayəni qaçırmamağını tövsiyə edirik.
Bu günədək uğurlu əsərlər yaratmış bütün yazıçılarımızı bu siyahımıza sığışdıra bilməsək də, ümid edirik bu məqalə onları kəşf etməyə kömək edəcək. Məqaləmizi kitab qurdu dostlarınla bölüşərkən, öz sevimli yazıçılarını əlavə etməyi də unutma!