Novruz bayramı xüsusən uşaq yaşlarımızda həvəslə gözlədiyimiz və hər birimizin xatirələrini bəzəyən ən maraqlı bayramlardandır. Rəngli adət-ənənələri ilə xalqımız üçün xüsusi yerə sahib olan Novruz, həm də UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə nümayəndəliklərinin siyahısına daxil olunub. Bunun səbəbi isə Novruzun bir çox müxtəlif mədəniyyətlərarası dialoq və hörmət mühitinin formalaşmasına çox müsbət təsirinin olmasıdır. Gəlin, bu sevimli bayramımızı bizimlə birlikdə qeyd edən bəzi xalqları və onların adət-ənənələrini tanıyaq.
Qazaxıstan
Qazaxıstanda “Naurız” yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni ilin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Qazax xalqı bu günlərin gəlişi münasibətilə təzə paltar geyinir, bir-birilərinə qonaq gedir və hədiyyələr aparırlar. Qazax xalqının Novruz bayramı adətlərində aşıqların deyişməsi olan “Altıs”, gənclər arasında oynanan “Altybakan” və bayramın əsas yeməklərindən sayılan “Naurız koje” xüsusi yer tutur. Həmçinin bizdə olan adətlərin bir çoxu da Qazax xalqı tərəfindən qeyd edilir.
Qırğızıstan
Qırğızıstanda bayram günü süfrələrdə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan "Sümelek" mütləq olmalıdır. Qırğızıstanın bərəkət və bolluq rəmzi olan “Sümelek”, Novruz bayramının əvəzolunmaz ləzzətlərindən biridir. Həmçinin qırğız xalqı Novruzda atlı oyunlarına böyük önəm verirlər. Buna Qız Qovan və Kok Boru oyununu misal çəkmək olar. At üstündə oynanan hər iki oyun özünəxas qaydaları ilə seçilir. Qız qovan oyunu bir oğlan və bir qızın at yarışına çıxmasından ibarətdir. Oyunun məqsədi oğlanın qıza çatmağa çalışmasıdır. Kok Boru oyununda isə atlılar keçinin dərisi uğrunda mübarizə aparırlar ki, onu rəqib komandanın qapısına çatdıran tərəf qalib gəlir.
İran
İran bu ölkələr arasında Novruz bayramını qədimdən bəri əsas bayram kimi qeyd edənlərdən biridir. Yeni ilin başlanğıcı və baharın gəlişi bütün iran xalqını da bayram ab-havasına gətirir və ölkə ərazisində geniş şəkildə festivallar təşkil olunur. İran xalqı bizdə olduğu kimi 4 çərşənbəni də qeyd edir və süfrədə 7 növ yeməklə baharı qarşılayırlar. Yumurta boyama, tonqal üzərindən tullanma, papaq atma kimi adətlər də iran xalqı ilə ortaq Novruz adətlərimizə daxildir. Həmçinin bayram ərəfəsində yeni geyimlərini geyinmək, evlərdə bayram təmizliyi etmək bir-birinə hədiyyələrlə qonaq getmək iran xalqının bayram ənənələrindən bir neçəsidir.
Özbəkistan
Bir çox orta asiya ölkəsi kimi Özbəkistanda da Novruza xüsusi həssaslıqla yanaşılır. Xalqdakı inanca görə baharın gəlişini nə qədər yaxşı qeyd etsən, həmin ildə təbiət də daha çox bərəkət gətirər. Buna görə də bütün ölkə şənlik ab-havasına bürünür və hər kəs rəqs edib, mahnılar oxuyur. Özbəklərin Novruz süfrəsində milli yeməklərə də xüsusi yer verilir. Şəkərdən hazırlanan, ağ şokolada bənzər Nişala yeməyi Novruzun əvəzedilməz ləzzətlərindəndir. Özbək xalqının başqa bir maraqlı adəti isə bayram ərəfəsində öküzlərin buynuzunun yağlanmasıdır. Ölkənin yaşlı adamları öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
Türkmənistan
Türkmənlər köhnə ənənələrə daha yaxından bağlı xalq kimi Novruzu xüsusi həvəslə gözləyri və təmtəraqlı şəkildə qeyd edirlər. Burada Novruz ərəfəsində hər kəs təbiət qoynuna çıxır, qoyun, keçi və inəklərdən sağdıqları süddən müxtəlif südlü yeməklər bişirib süfrələrə qoyurlar. Milli oyunlardan olan “muncuqatdı” adlanan oyunun köməyi ilə yeniyetmə qızlar gələcəkdə taleyin onlara nə qismət edəcəyini yoxlayırlar. Həmçinin Türkmən xalqı Novruz şənliklərində xoruz döyüşdürmək, iri yelləncəklər, at yarışları, güləş yarışları kimi maraqlı tədbirlərə də yer ayırır.
Bunlar Novruzu rəsmi bayram kimi qeyd edən xalqlardan yalnız bir neçəsi idi. 3500 illik tarixə sahib bu bayramın adət-ənənələri də mədəni tariximizi öyrənməkdə böyük rol oynayır. Əgər bu məlumatlar sənə də maraqlı oldusa, məqaləmizi paylaşaraq daha çox insana çatmasına kömək edə bilərsən.