Mərkəzi park
Şəhərdən kənara çıxmağa vaxtı olmadığı üçün pikniki sadəcə xəyallarında yaşayanlardan birisənsə, artıq bu problemi geridə qoya bilərsən. Çünki şəhərin mərkəzində yenicə salınan və paytaxtımızın ümumi simasını birəbeş gözəlləşdirmiş bu park piknik etmək üçün ən münasib seçimlərdəndir. İçində bir çox oyun və idman meydançalarına da yer verilmiş parkdan zövq alacağına əminik. Dincələrkən parkda şahmat, nərd kimi stolüstü oyunlarla baş qatan insanlar görsən, qətiyyən təəccüblənmə: çünki bu oyunlar insanların vaxtını səmərəli keçirməsi üçün parka yerləşdirilib.
Böyükşor Bulvarı
Əgər sən də piknik planının müxtəlif məşğuliyyətlərlə dolu olmasını istəyirsənsə, Böyükşor bulvarına baş çəkməlisən. Parkın salınması üçün neftlə çirklənmiş ərazilər təmizlənib, təbiətə yeni nəfəs bəxş edilib. Böyükşor gölünün uzun sahilboyuna nəzər yetirdikdə gəzinti və velosiped yollarında gəzişən insanları, digər tərəfdə isə gününə idmanla davam edənləri görmək olar. Böyük ehtimalla, parkın azyaşlı qonaqları da onlar üçün salınmış oyun meydançalarında əylənir. Sən də gəzən və ya əylənənlərə qoşula, yorulduqdan sonra isə piknik süfrəni yamyaşıl çəmənliyə sərib xoş mənzərədən həzz ala bilərsən.
Nəbatat bağı
Bakının yaşıl mədəni mərkəzlərindən biri hesab olunan Nəbatat bağını çoxumuz “Botanika bağı” kimi də tanıyırıq. Saysız-hesabsız flora nümunələri ilə zəngin olan bu bağ respublikamızın biozənginliyi üçün böyük önəm kəsb edir və təbiəti xüsusi qayğı ilə qorunub saxlanılır. Parkın tədqiqat aparılan bəzi nöqtələrinə daxil olmağa icazə verilməsə də, digər yerlərdə sakinlərin təbiətlə baş-başa qalması üçün hər cür şərait yaradılıb. Meşəlik ərazidə yaşıllıqdan zövq almaq, rəngbərəng çiçək və kəpənəklərlə dolu bir piknik etmək istəyirsənsə, seçəcəyin ünvan məlumdur.
Zirə eko-parkı
Şəhərin səs-küyündən qısa müddətlik də olsa uzaqlaşmaq, ailən və dostlarınla birlikdə istirahət etmək. Necə də gözəl səslənir! Bu planını reallaşdırmaq üçün elə Zirə eko-parkına üz tutsan, kifayətdir. Ərazinin böyük hissəsini qazon, ağaclar və dekorativ gül kolları təşkil edir. Əgər yolboyu piknik ləvazimatlarını (stol, stul və s.) özünlə daşımaq istəmirsənsə, onları elə parkın özündən kirayə götürə bilərsən. Müxtəlif oyun meydançaları ilə dolu olan, quş parkına da ev sahibliyi edən bu yeri, xüsusən, azyaşlıların sevəcəyinə əminik. Yolun düşmüşkən içində müxtəlif iş otaqları, konfrans zalı və kino salonuna yer verilmiş Zirə Mədəniyyət Mərkəzinə də baş çəkməyi unutma.
Mərdəkan dendrarisi
Bu park, mənası “nadir ağaclar məskəni” olan “Dendrari” adının haqqını sonuna qədər verir desək, yanılmarıq. Yenilikcə “Dendrologiya İnstitutu” adına da layiq görülmüş bu yer vaxtilə Murtuza Muxtarovun şəxsi bağ evi olmuşdur. Böyük xeyriyyəçimizin xüsusi diqqət göstərərək gözəlləşdirdiyi bağ hazırda müxtəlif ölkələrdən gətirilmiş bitki növlərini özündə birləşdirir. Parkın əsas qonaqlarını isə sərin və təmiz havadan zövq alarkən piknik etmək istəyənlər təşkil edir. Sən də onlara qoşulmaq, istirahətini yaddaqalan keçirmək istəyirsənsə, Mərdəkan Dendrarisini seçimlərin arasına almanı tövsiyə edirik.
Artıq gedəcəyin yerlərin siyahısı hazırdır. Piknik havalarını qaçırmadan plan qurmağa tələs!