Red Bull Car Park Drift dünya finalı yenə bütün avtomobil həvəskarlarını bir araya gətirdi. Hər il dünya finalında müxtəlif ölkələrdən olan sürücülər iştirak edir. Təmsilçilər öz ölkələrinin adını yüksəltmək üçün əllərindən gələni edirlər. Bu il Oman Avtomobil Assosiasiyası tərəfindən təşkil olunan bu yarış, dünyanın ən yaxşı driftçilərini bir araya topladı. “Red Bull Car Park Drift” dünya finalı 2024-ün qalibi isə Omanlı Əhməd əl Əmri oldu. Final həyəcan dolu mübarizələrlə yadda qaldı. Həm iştirakçılar, həm də tamaşaçılar üçün bu yarış unudulmaz xatirələr, yeni dostluqlar və sonsuz ilham mənbəyi olaraq yadda qalacaq.
Əlavə olaraq qeyd edək ki, bu il yarış 17 ölkədən 28 istedadlı sürücünün iştirakı ilə keçirildi. Orta Şərqdən Oman, Misir, Livan, İordaniya, Qətər, BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Fələstin və İraq kimi ölkələr, beynəlxalq iştirakçılar sırasında isə Gürcüstan, Cənubi Afrika, Estoniya, Bolqarıstan, Mavriki və Azərbaycanın təmsilçiləri yer aldı.
Azərbaycan Red Bull Car Park Drift Dünya Finalında
Red Bull Car Park Drift Dünya Finalında Azərbaycanı layiqincə təmsil edən Niyaz Bədiyev, öz bacarığı və qətiyyəti ilə ölkəmizin adını beynəlxalq səhnədə ucaltdı. 2023 və 2024-cü illərdə Azərbaycanın Red Bull Car Park Drift yarışlarının qalibi kimi seçilən Bədiyev, bu dəfə 20 nömrə altında çıxış edərək 176 xal topladı və dünyanın ən yaxşı 26 drifteri arasında 12-ci yerdə qərarlaşdı.
Onun bu uğuru Azərbaycanın drift idmanında potensialını bir daha sübut etdi və beynəlxalq arenada diqqət çəkməsinə imkan yaratdı. Bədiyevin göstərdiyi performans, motorsport sahəsində Azərbaycanın artan nüfuzunun göstəricisi olmaqla yanaşı, gələcəkdə daha böyük uğurlar üçün motivasiya mənbəyidir.
Yarışmanın tarixi
“Red Bull Car Park Drift” ilk dəfə 2008-ci ildə Livanda təşkil edilmişdir. Yarışma ildən-ilə böyüyərək Orta Şərq, Şimali Afrika və Avropanın müxtəlif ölkələrinə yayılmışdır. Bu tədbir drift idmanının populyarlığını artırmaqla yanaşı, peşəkar və həvəskar sürücülərin bacarıqlarını nümayiş etdirmək üçün əla platforma yaratmışdır.
Yarışmada sürücülər xüsusi hazırlanmış traslarda müxtəlif maneələrdən keçməlidirlər. Bu maneələr arasında “pendulum”, “spiral”, “qapı” və “flipper” kimi texniki hissələr var ki, bunlar sürücülərin nə qədər dəqiq və ustalıqla avtomobili idarə edə biləcəyini nümayiş etdirir.