Bakı çox möhtəşəm bir yarışa ev sahibliyi etdi. Ölkəmizdə ilk dəfə keçirilən və avtomobil həvəskarlarının çoxdan gözlədiyi “Red Bull Car Park Drift” yarışının Milli Final nərhələsi uğurla yekunlaşdı.
16 iştirakçının qatıldığı yarışın qalibi 20 nömrə altında yarışan avtomobilin sürücüsü Adil Axundov seçilib. O, yarışın hər üç mərhələsində münsiflərin ən yüksək xalını qazanaraq rəqiblərini geridə qoymağı bacarıb. Həmçinin 2-ci və 3-cü yerlərə Pərviz Azizov və Rauf Dadaşzadə layiq görülüb.
Milli Final mərhələsini qiymətləndirmək üçün Livan və Mavrikiyadan beynəlxalq münsiflər heyəti, həmçinin Bakı Marşal Klubunun hakimi iştirak edib. Məhz onlar iştirakçılara maşınlarının görünüşü, səsi, maneələri keçmək bacarığı və təkərlərdən çıxan tüstünün həcminə görə xal verib. Münsiflərin maksimum xalını qazanan iştirakçı isə yarışın qalibi seçilib.
Gənclər və İdman naziri Fərid Qayıbov dünyaşöhrətli driftçi Abdo Feqali ilə drift etdi!
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Gənclər və İdman naziri Fərid Qayibov “Red Bull Car Park Drift” yarışını izləmək üçün tədbirdə iştirak edib. Drift həyəcanını hiss etmək qərarına gələn Gənclər və İdman naziri Fərid Qayıbov paytaxtımızda qonaq olan dünyanın ən yaxşı driftçilərindən biri, livanlı Abdo Feqali ilə birlikdə drift edib. O, driftdən sonra öz təəssüratlarını bölüşüb:
"Çox təhlükəsiz keçdi. Belə peşəkar driftçi ilə başqa cür ola da bilməzdi. Hesab edirəm ölkəmizdə bu cür idman növünə marağı artırmaq üçün bu kimi tədbirlərin daha çox keçirilməsi vacibdir".
“Red Bull Car Park Drift”in qaydaları necədir?
Drifterlər maneələrdən ibarət yolu təcrübəli şəkildə keçməlidirlər. Hər bir iştirakçı 9 meyar əsasında qiymətləndirilərək ümumilikdə ən yüksək 400 xalı toplamalıdır.
Drift bacarıqları üçün maksimum 120 xal ayrılır, “flipper” və “pendulum” üzrə tapşırıqlar isə müvafiq olaraq 60 və 50 baldır. Eyni zamanda, avtomobilin görünüşü və dizaynı 40 xal təşkil edir, təkər tüstüsü, avtomobil səsi, qapı və “spiral” tapşırıqların hər biri hesaba maksimum 20 xal verir. Son “Box” adlanan maneə isə 50 xal dəyərindədir. Driftçilər maneələrə dəysələr, yanlış yolla sürüklənsələr və ya avtomobillərini fırlasalar xal itirirlər. Bir raundda üç penalti isə diskvalifikasiya deməkdir!
Kimdir Abdo Feqali?
Livan ralli pilotu və üçqat ölkə çempionu Abdo Feqali 1998-ci ildə karyerasına start verib. 44 yaşlı driftçi Red Bull atleti olmazdan əvvəl artıq Livan Ralli Çempionatında fərqlənməyi bacarmışdı. Drift aləmində “Dado” adı ilə tanınan Abdo öz arzularının arxasınca gedərək müasir dövrün drift veteranı olmağı bacarıb. Red Bull Car Park Drift idmanı daha inkişaf etdikcə və böyüdükcə Abdo Feqali adı Yaxın Şərqdə daha da tanınmağa və dünyaya səs salmağa başlayıb. Abdo Feqali 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində ən uzun drift üzrə Ginnesin Rekordlar Kitabına adını yazdırıb. Onun rekordunu isə hələ ki təzələyən olmayıb.
2008-ci ildən Dado “Red Bull Car Park Drift”in aktiv idmançısıdır. 2013-cü ildə Livan Ralli Çempionatının ümumi qalibi olmazdan əvvəl Abdo 2000, 2004, 2006 və 2012-ci illərdə Livan Rallisində 2-ci, 2002, 2003 və 2011-ci illərdə isə 3-cü yeri tutmuşdu. Bundan əlavə, Dado öz təcrübəsini paylaşmağı da unutmur. Yaxın Şərq regionundakı bütün iştirakçılarla sıx əməkdaşlıq edərək, drift təcrübəsini, biliyini və unikal bacarıqlarını onlarla bölüşür.
Red Bull Car Park Drift Bakı
16 oktyabr Bakıda keçirilən “Red Bull Car Park Drift”in Milli Finalına qatılan Abdo Feqali, iştirakçılara master-klass keçərək onları dünyanın ən məşhur motoidman yarışına hazırlayıb. Bu ilin avqust ayında Bakıya gələn Dado Red Bull Car Park Drift akademiyasına seçilən hər bir iştirakçının bacarıqlarını yoxlayaraq, onlara yarışın qaydaları barədə təlim keçib.
“Red Bull Car Park Drift”in Milli Finalı Bakı sakinləri tərəfindən inanılmaz çoşğu və maraqla qarşılanıb. Kristal Zalın parkinq ərazisində keçirilən yarışı izləmək üçün beş mindən çox tamaşaçı qatılıb. Bu beynəlxalq yarış statusundan və cinsindən asılı olmayaraq hər kəsi öz ətrafında toplamağı bacardı.
Milli Finalın qalib seçilən Adil Axundov bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək və 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Çempionatında Azərbaycanı təmsil edəcək.
Red Bull Car Park Drift Milli Finalında iştirak edə bilməyənlər, möhtəşəm görüntüləri izləyə bilər:
"Red Bull Car Park Drift" çempionatının 2023-cü ilin sentyabr ayında yenidən keçirilməsi planlaşdırılır.