Hər kəsin tanımalı olduğu 5 yerli qrafik dizayner
Ölkəmizdə dizayn sahəsində yeniliklərə imza atmış, diqqətəlayiq tərz və yaradıcılığa sahib dizaynerlərdən bir neçəsi ilə tanış ol.
01
Ramin Nasibov
Ramin Nəsibov brendinq, UI/UX dizaynı, sosial media üçün dizayn, qablaşdırma dizaynı və əlaqəli vizual kommunikasiyalar üzrə ixtisaslaşmış dizayner və art-direktordur. Berlində yaşayan Ramin, bu sahədə dünyanın hər yerindən böyük brendlər tərəfindən tələb olunan və minlərlə izləyicini cəlb edən məşhurluğa sahibdir. Əslən Bakıdan olan dizaynerin məşhurluğuna isə rəngarəng memarlıq, minimalizm və simmetriyanı özündə birləşdirən estetika yaratması səbəb olub deyə bilərik. O, binalardakı gizli naxışların fotoşəkillərini çəkərək, rəngarəng memarlığın istənilən şəhərdə tapıla biləcəyini sübut edib. Ramini izləyərək, bu minimal işlərdən tutmuş, qeyri-adi dizayn nümunələrinə qədər bir çox yeniliklərlə tanış ola bilərsən.
02
Orkhan Məmmədov
Orxan Məmmədov dizaynı çoxyönlü şəkildə istifadə etməyi bacaran və qlobal səviyyədə sərgilərə imza atan yerli istedadlarımızdandır. Yeni media rəssamı və yaradıcı direktor olan Orxanın, innovativ sənət yaratma üsulları ilə şərq mədəniyyətini təmsil edən bir çox işini onun instaqram səhifəsindən izləyə bilərsən. Son illərdə trend olan NFT dalğasından da yaxşı istifadə edən Orxanın bu sahədə də uğurlu işlərini görmək olur. Hazırda o dizaynda texnologiyadan istifadə edərək, vizual əsərlər yaratmaq və onların qlobal səviyyədə tədbirlərini təşkil etməklə məşğuldur.
03
Fatma Sofiyeva
Siyahımızın ilk sırasında gənc istedadlardan olan Fatma gəlir. Sofy ləqəbi ilə tanıdığımız dizayner, maraqlı tərzə sahib qrafik işləri və illustrasiyaları ilə uğurlu nəticələr əldə etmiş və gələcəyinin parlaq olduğunu düşündüyümüz yerli dizaynerlərdəndir. Onun ən son uğurlarından biri isə Red Bull Doodle Art müsabiqəsinin qalibi seçilməsidir. Özünəməxsus əl işi ilə münsiflərimizi ovsunlayan dizaynerin portfoliosuna nəzər salsan, olduqca maraqlı illustrasiyalar, qrafik işlər və digər dizayn nümunələri ilə də tanış ola bilərsən.
04
Elşad Quliyev
Özünü yerli rep və pop musiqilərinin dinləyicisi sayırsansa, bu ad sənə tanış gələcək. Çünki, Elşad Quliyev Azərbaycan trendlərində olan bir çox yerli musiqinin bədii rəhbərlik tərəfinə öz imzasını atmış dizaynerlərdən biridir. Elşadın əməkdaşlıq etdiyi bu musiqiçilərin sırasına Miri Yusif, Natəvan Həbibi, Paster kimi bir çox ulduz müğənni də daxildir. Qeyri-adi vizual əsərlər hazırlamaqda, tərzi və yanaşması ilə fərq yaratmağı bacaran dizaynerin vizual şou yaratdığı bəzi işlərə buradan nəzər sala bilərsən.
05
Nihad Cəfərov
Özünəməxsus yanaşmadan söhbət ediriksə, gənc istedadlardan sayılan Nihadı bu siyahıda kənar tutmaq olmazdı. Nihad uzun müddətdir maraqlı vizual əsərlər hazırlamaqla tanınır. Fərqli mövzulara öz yanaşmasını göstərən dizaynerin həm də uğurlu təqdimat bacarığını, onun instaqram səhifəsində yayımladığı orijinal və diqqətəlayiq işlərdən görmək mümkündür. Nihad həm də musiqi vizualları və kino sənayesi ilə məşğul olduğu üçün onun bu sahədə olan yaradıcılığını da izləmək maraqlı ola bilər.
Yaradıcılığını inkişaf etdirmək və ya həmkarlarının işlərindən və uğurlarından ilham almaq üçün bu profilləri izləməyin faydalı ola bilər. Əminik ki, dizaynda uğurlu işlərə imza atmış daha yüzlərlə həmyerlimiz var və onları da kəşf edərək, öz izləmə siyahına almağı unutma!